Vaksinlər enerji içkilərinin soyuducusunda saxlanılır

Vaksinlər enerji içkilərinin soyuducusunda saxlanılır

Bu faktı əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sözügedən fotolar insanlar arasında birmənalı qarşılanmayıb və geniş müzakirəyə səbəb olub. Bir çox şəbəkə istifadəçiləri eyni mənzərə ilə digər peyvənd məntəqələrində də qarşılaşdıqlarını bildiriblər. Onların verdiyi məlumata görə, Lökbatanda, Xırdalanda, Zabratda, Şəkidə, Göyçayda yerləşən tibb müəssisələrində də vaksinlər "Bonaqua", "Borjomi", "Bizon" və "Hell" soyuducularında saxlanılır.

Bəziləri bunun reklam xarakterli olduğunu düşünür. Yəni tibb müəssisəsi ilə müvafiq şirkətlər arasında razılaşdırılmış bir reklam... Bir qrup insan isə vaksinlərin bu tip soyuducularda saxlanılmasını belə izah edib: "Peyvənd enerji içkiləri kimi təhlükəli və ziyanlıdır, bununla da ona işarə verirlər".

Vaksinlərin bu cür şəraitdə saxlanılmasına etiraz edən insanlar bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) günahlandıraraq bildiriblər ki, bu səbəbdən peyvəndlənmənin əhaliyə heç bir faydası yoxdur:

"Koronavirus vaksinləri mənfi 4 və mənfi 76 dərəcədə saxlanılmalıdır. Bu soyuducular maksimum 3, yaxud 2 dərəcə soyuq saxlaya bilir. Bununla da axmaq insanların ucbatından vaksinin bir faydası qalmır".

Qeyd edək ki, yayılan fotonun Yasamal rayonu 16 saylı şəhər poliklinikasında çəkildiyi bildirilir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlasaq da, sorğumuza cavab ala bilmədik. (bakupost.az)