Vəkili Turan Kubuşovla görüşüb: "Turan 15 kilo çəki itirib..."

Vəkili Turan Kubuşovla görüşüb: "Turan 15 kilo çəki itirib..."

7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Kubuşov Turan Tağı oğlu bu gün vəkili ilə görüşüb.

Bu barədə vetenugrunda.az-a onun vəkili Babək Həmidov məlumat verib: "Nəhayət ki, bu gün Turan Kubuşovla görüşdüm, aclığı dayandırmasını xahiş etdim. Aclığı dayandırmadı, lakin elə yanımdaca su içməyə başladı. O, aclıq etdiyi 15 gün ərzində 15 kilo çəki itirib.

Turan daimi həkim nəzarətindədir, İxtisaslaşmış Tibb Müəssisəsinə köçürülməyini tələb edir".

Turan Kubuşov söhbət zamanı bildirb ki, həbsinin səbəblərini açıqlayıb. O, deyib ki, ZD Travel şirkətiin rəhbəri mərhum nazir müavini, general Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyevin sürcüsü işləyib. İşlədiyi müddətdə eyni zamanda Quranilər təriqətinin başçısı olan Vəli ilə aralarında dini mövzuda mübahisələr yaranıb və bu onların münasibətində soyuqluq yaradıb: "Şiə olduğuma görə Vəli hər dəfə mənə irad tuturdu və Quranilər təriqətinə qoşulmağımı məsləhət görürdü. Hər dəfə rədd etdiyimi görüb mənə qarşı aqressivləşdiyini hiss edirdim. Sonunda bu olayı başıma gətirdilər".

Vəkil onu da qeyd edib ki, Turan Kubuşovla birgə Ali Məhkəmədəki prosesə birgə hazırlaşıblar: "Dərd odur ki, Prokurorluq bizim təqsirliliyimizi, baş vermiş cinayət hadisəsinə aidiyyatımızı sübut etməli olduğu halda, biz təqsirsizliyimizi sübut etməyə çalışırıq. Təsəvvür edin, adama 18 il cəza təyin edilən hökm elə özü onun bəraəti üçün əsasdır, əlavə araşdırmaya heç ehtiyac yoxdur. Kubuşovun işi üzrə qanuni olan "Təqsirsizlik Prezumpsiyası" yox, qanunsuz "Təqsirlilik Prezumsiyası" tətbiq edilib indiyə qədər.

Cinayət işi Ali Məhkəmədə icraatındadır. Avropa Məhkəməsi müraciətimiz əsasında Kubuşovun işini Prioritet hesab edib, təxirəsalınmadan baxılan işlər siyahısına əlavə edib".

Qeyd edək ki, Turan Kubuşov məhkəmənin hökmünə etiraz olaraq aclıq aksiyasına başlayıb.

YADDAŞ

1983-cü il təvəllüdlü Turan Kubuşov Cinayət Məcəlləsinin 29,120.2-ci (qəsdən adam öldürməyə cəhd), 181-ci (quldurluq) maddəsi ilə ittiham edilib.

O, 9 iyul, 2019-cu ildə Bakı Ağır Cinayətlə məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhbusun anası Əzət Kubuşov vetenugrunda.az-a müraciət edərək oğlunun şərlənərək həbs edildiyini bildirib: "İstəyirəm səsimi ölkə başçısı İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban Əliyevaya çatdırım. Oğluma 18 il həbs cəzasını sifarişlə veriblər. Oğlum "ZD Travel" şirkətinin rəhbəri Vəli Dünyamalıyevin sürücüsü işləyirdi. Aralarında söz -söhbət yarandı. Oğlum işdən çıxmaq istəyəndə Vəli onunla barışdığını deyib, işdə qalmasını israrla xahiş etdi. Sən demə, Vəli öz aləmində oğlumu şərlədib tutdurmaq üçün plan qururmuş. Aradan bir az keçdi və bu hadisə baş verdi".

Əzət Kubuşov deyir ki, oğlunu Vəli idarəyə çağırıb. Turan içəri girəndə görüb ki, polislər var. Polislər onu tutub Yasamal rayonu 27-ci polis bölməsinə aparıblar. Oğluna orada hazır ifadəyə imza atmaq üçün dəhşətli işgəncələr verilib.

Turan Kubuşov məhkəmə zamanı deyib ki, polis idarəsində çox döyülüb. Onu hazır ifadəyə imza atmağa məcbur ediblər, Turan işgəncəyə dözüb və imza atmaqdan imtina edib. Lakin sonda o, ifadələrə gözüyumlu imza atdğını bildirib: "Şalvarımı çıxarıb dedilər əgər imza atmasan səni "dubinka" ilə zorlayacağıq. Mən də imza atdım".

Qeyd edək ki, istintaq sənədlərində bildirilir ki, 2019-cu ilin aprel ayının 25-də "ZD Travel" şirkətinin Yasamal rayonunda yerləşən ofisinin qarşısında şirkətin xəzinədarı, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxsin hücumuna məruz qalıb. Qırmızı kurtkalı şəxs xəzinədara hücum edərək çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan ona müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və mühasibə 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Əzət Kubuşov isə iddia edir ki, yaxınlıqda dayanan taksi sürücüsü, məhkəmədə şahid qismində ifadə verərkən maskalı şəxsin Turana bir o qədər də bənzəmədiyini bildirib: "Turan idmanla məşğul olub, iri cüssəlidi. Sürücü dedi ki, maskalı şəxs Turan kimi iricüssəli deyildi. Mənim oğluma şər atıblar. Çünki o, böyük şirkətlərdə çalışıb və həmişə onun düzlüyündən razı qalıblar. Vəli general Zahid Dünyamalıyevin oğludu. Bizi hədələdi, dedi ki, mən general oğluyam, Turanı zindanda çürüdəcəm".

P.S

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq