Sabiq daxili işlər nazirinə 11 il həbs cəzası verilib

Sabiq daxili işlər nazirinə 11 il həbs cəzası verilib

Naxçıvanın sabiq təhsil naziri azadlığa buraxılıb, sabiq daxili işlər naziri Əhməd Əhmədova 11 il həbs cəzası verilib

Naxçıvanın sabiq təhsil naziri Məmməd Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M. Qəribova şərti cəza verilib və azadlığa buraxılıb.

Qeyd edək ki, 2017-ci ildə tutduğu vəzifədən azad edilən Ə.Əhmədov 2021-ci ilin mart ayında həbs edilmişdi. Onu dövlət əmlakını mənimsəmədə ittiham edirdilər. 

Əhməd Əhmədov vəzifəsindən azad edildikdən az sonra onun adı qardaşının ittiham edildiyi adam oğurluğu işinə görə gündəmə gəldi.

Belə ki, Əhməd Əhmədovun biznesini idarə edən qardaşı Əvəz Əhmədov 2018-ci ilin yayında həbs edilib. Əvvəllər gömrük, sərhəd xidməti və başqa dövlət orqanlarında çalışmış Əvəz Əhmədov CM-nin 145.1 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurdu.

İttihama görə o, 2016-cı ilin iyununda polkovnik Hörmət Əsgərova sələmlə 100 min dollar pul verib. Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Əvəz Əhmədov onu öz ofisinə çağırıb, döyüb, deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. Haradansa öyrənib ki, Hörmət Əsgərovun Rəşad adlı qohumu onun əvəzinə pulu verə bilər. Çünki Hörmətin Rəşadda pulu var. Ona görə də dəfələrlə Rəşad Tahirova zəng edib, mesaj yazaraq onu və ailə üzvlərini hədələyib. Son nəticədə Rəşad Tahirovdan 140 min dollar pul alıb. Lakin Ə.Əhmədov bu ittihamları qəbul etmirdi. Bildirirdi ki, əslində H.Əsgərov gəlirli biznes qurub ona sanballı dividend ödəmək adı altında pulu alıb və qaytarmayıb.

Əvəz Əhmədov 2019-cu ildə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.