Sabiq səfirin qızı üsyan etdi: "Bu qədər qəddarlıq olar?"

Sabiq səfirin qızı üsyan etdi: "Bu qədər qəddarlıq olar?"

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir Eldar Həsənovun işinə baxılıb

Vetenugrundaaz-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə E.Həsənov huşunu itirərək yerə yıxılıb. Bu barədə onun qızı Səbinə Həsənova sosial şəbəkədə məlumat verib: 

"Bu gün Ağır Cinayətlər Məhkəməsində atam Eldar Həsənovun növbəti məhkəməsi keçirildi. Məhkəmə həmişəki kimi, axşam saat 18.00-da yekunlaşdı. Hamı getmək üçün ayağa qalxdı və... mən eşitdiyim gurultudan dəhşətə gəldim. Səsə tərəf geri dönəndə atamı yerə yıxılmış gördüm. Atam yenə huşunu itirərək yerə yıxılmışdı. Hərəkətsiz idi. Əvvəl elə bildim... dilimə gətirmək istəmirəm ağlıma gələni... Var gücümlə qışqırırdım, ağlayırdım, kömək istəyirdim. Səsimə tökülüşüb gəldilər. Atamı xərəyə qoyub apardılar.

İndi vəziyyəti necədir, bilmirəm. Özünə gəldimi, həkimlər ilk yardım etdilərmi, bilmirəm. Var gücümlə, səsim gəldikcə qışqırmaq, haray salmaq istəyirəm. Heç vaxt özümü bu qədər köməksiz, zəif, gücsüz hiss etməmişəm.

Bizdən nə istəyirlər, atamdan nə istəyirlər?

Dəfələrlə deyilib ki, səhhəti ağırdır, təcili müalicə olunmalıdır, təxirəsalınmaz cərrahi əməliyyatlara zərurət var. Niyə səsimizi eşitmirsiniz? Aylardır, yalvarırıq, xahiş edirik ki, atamı ev dustaqlığına buraxın. Aylardır, yalvarır, xahiş edirik ki, stasionar müalicə alması üçün xəstəxanalardan birinə yerləşdirin. DTX hərbi Hospitalına aparılır, müayinə olunub təcridxanaya qaytarılır. Axı müayinədən əlavə, müalicəyə də ehtiyacı var bu insanın.

Öldürməkmi istəyirsiniz? Ölməyinimi gözləyirsiniz?

Baş Prokurorluq məlumat yayır ki, Eldar Həsənovun heç bir xəstəliyi yoxdur. Xəstəliyi yoxdursa, niyə özündən gedir, niyə təzyiqi 220-240-a yüksəlir? Axı bu təzyiqi ölçən sizin həkimlərdir, biz deyilik! Axı müayinə edərək xəstəlikləri müəyyənləşdirən sizin həkimlərdir. Paroksizmal vertiqo xəstəliyi onda məhz həbsdə olduğu müddətdə yaranıb. Nə edək, dərdimizi, problemimizi kimə danışaq? Bu qədər qəddarlıq, laqeydlik, ədalətsizlik olar? 67 yaşlı xəstə bir adamdan nə istəyirsiniz? Biz yorulduq, siz yorulmadınızmı? Mən çox yoruldum. Müraciət etmədiyim, döymədiyim qapı qalmadı. Hər gün məktub yazdım, teleqram göndərdim. Bir dəfə mənə geri dönmədilər. Dərdin nədir deyə, maraqlanmadılar. Ziyalıların, təsəvvür edin, 300 nəfər ziyalının müraciətinə belə məhəl qoyulmur. Milli qəhrəman, Şəhid ailələrinin müraciətinə əhəmiyyət verilmir. Qardaşım Anar deyir ki, mən məktub yazım, Cənab Prezident mütləq reaksiya verər. Çox inanır...

Nə olar, bir dəfə, bircə dəfə atamı dinləyin

Nə olar, bir dəfə, bircə dəfə atamı dinləyin, onunla danışın, adam günahsız, suçsuz olduğunu bar-bar bağırır. Bəlkə bircə dəfə özüylə söhbət etsəniz, anlayarsınız ki, haqlıdır, günahsızdır, şərə-böhtana düşüb. Mənim atam da bir ziyalıdır, alimdir, diplomatdır. Onunla qatı cinayətkarla rəftar edirmiş kimi niyə davranırsınız? Xalq düşməni deyil mənim atam! Bu xalqı, bu dövləti canından artıq sevən bir azərbaycanlıdır. Dövlət başçısına sayğısını, sevgisini, fədakarlığını, sədaqətini əminəm ki, onu tanıyan hər kəs bilir.

Möhtərəm Cənab Prezident! Əziz Mehriban xanım!

Atamın huşunu itirmələri, özündən gedib yıxılmaları bir gün son ola bilər. Sonuncu ola bilər. Biz atamı itirə bilərik. Onun səhhəti çox ağırdır. Gözümüz baxa-baxa atamı öldürürlər! Sizə yalvarıram, müdaxilə edin, atamın həyatda qalıb-qalmaması Sizlərdən asılıdır. Çox rica edirəm, bizə kömək edin, ədaləti bərpa edin...

Sabina Huseynova"

Qeyd edək ki Eldar Həsənovun vəkili Cavad Cavadov da məhkəmədə baş verənlərlə bağlı sosial şəbəkədə fikir bildirib: "Hər şey gözümüzün önündə oldu. Eldar Həsənov huşunu itirib üzü üstə yerə yıxıldı. Bu məhkəmə iclasının sonuda saat 18-00 da oldu. Dəfələrlə müdafiə tərəfi olaraq iradlarımıza baxmayaraq məhkəmə iclası səhər saat 10-00- dan axşam saat 18-00 -dək (bir saat fasilə ilə) aparılır. Digər işlərə eyni məhkəmə heyəti həftədə bir dəfə baxır".

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi mayın 7-də və iyunun 23-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun səhhətindəki problemlərlə əlaqədar stasionar qaydada hospitala yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul etmişdi. Bundan sonra iyulun 2-də o, DTX-nın Hərbi Hospitalına köçürülmüş, orada əməliyyat olunmuşdu...

Eldar Həsənovun saxlanıldığı gündən indiyə kimi bayılıb yıxılmalarının sayı 200-ə çatıb. Onun vəkillərindən biri Adəm Məmmədov bir müddət əvvəl yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: "Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır".

YADDAŞ

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışıb.

2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən-2020-ci ilin avqustunda Bakıdakı tədbirlərdən birində iştirak etmək üçün ölkəyə dəvət edilib. O, Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.