"Kreşçinskini- Elmar Vəliyevi cəzalandırdım " Yunis Səfərovun Apellyasiya çıxışı

"Kreşçinskini- Elmar Vəliyevi cəzalandırdım " Yunis Səfərovun Apellyasiya çıxışı

Gəncə məhbusu Yunis Səfərovun 2022-ci il 15 aprel tarixində Bakı Apellaysiya Məhkəməsindəki çıxışını vəkili Vetenugrunda.az-a təqdim edib.

Qeyd edək ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Məhkəmə çıxışının TAM MƏTNİNİN təqdim edirik: 

"Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına

Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 1(101)-12812021 hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına təyin edilmiş Səfərov Yunis Rafiq oğlu tərəfindən

Məhkəmə çıxışı

Hamını salamlayıram. Bildiyiniz kimi, hər bir əməlin arxasında bir niyyət dayanır, bir motiv dayanır. İnsanı hərəkətə gətirən niyyət, motiv çox önəmlidir! Bizim dinimiz də buna çox böyük önəm verir, hüquqda da niyyət -motiv çox əhəmiyyətli hesab olunur.

Əfsuslar olsun ki, bu işi aparan müstəntiqlər mənim niyyətimi tamam başqa bir konteksdə təqdim ediblər. Dini radikalizm, terror, dövlət çevrilişi və s. və ilaxır. Ona görə də mən istəyirəm hamıya aydın olsun deyə, birinci növbədə öz niyyətimi izah edim.

Bizi uşaq vaxtından belə öyrədiblər, belə tərbiyə ediblər ki, əsl insan, əsl vətəndaş cəmiyyətdə gedən proseslərə gərək laqeyd qalmasın! Əgər cəmiyyətdə haqsızlıq baş verərsə və ya bundan da betər, əgər cəmiyyətdə haqsızlıq hökm sürərsə belə bir vəziyyətdə əsl insan gərək əlindən gələni edib, bunun qarşısını alsın!

Onu da çox gözəl başa düşürəm ki, qarşısını alsın-Bu o demək deyil, əlinə silah alıb gedib kimisə güllələyəsən. Məlum məsələdir, vətəndaş gərək qanun çərçivəsində hərəkət etsin. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər vətəndaş hesab edirsə, məmur haqsızlıq edir, özbaşınalıq edir, belə bir halda vətəndaş müvafiq qurumlara müraciət edir. Bu qurumlar da lazım olan tədbirləri görür. Vəssalam. Çox sadə və gözəl bir mexanizimdir.

Bəs görəsən niyə vətəndaş bu gözəl mexanizmdən istifadə etməyib? Çünki bu gözəl mexanizm Azərbaycanda işləmir! Azərbaycanda şikayət mexanizimi siravi vətəndaşa qarşı işləyir, icra başçısına çatanda işləmir! Əgər icra başçısının qardaşı Respublikanın hərbi prokurorudursa o zaman heç işləmir.

Dünyada, ən yüksək hesab olunan beynəlxalq səviyyədə belə qanun bəzi hallarda biz görürük ki işləmir, icra olunmur. Məsələn, bizə nisbətdə 30 ilə yaxın beynəlxalq qanun işləmədi, icra olunmadı. Biz görəndəki qanun işləmir, icra olunmur, ATƏT susur, BMT susur, digər beynəlxalq təşkilatlar-qurumlar susur, məcbur qaldıq özümüz öz problemimizi həll etdik. Eyni vəziyyəti biz Gəncədə baş vermiş hadisədə müşahidə edirik. Vətəndaş, yəni mən görəndə ki o, məmur, Elmar Vəliyev hər cür haqsızlıq, özbaşınalıq edir və buna bir "dur deyən yoxdur, müvafiq qurumlar bu adamın qarşısında lal, kar-kor olurlar, hakim susur, prokuror susur, polis susur, alim-ziyalı susur, ağsaqqal-qarasaqqal hamısı susur - vəziyyətin belə olduğunu görüb özüm bu problemi həll etmək məcburiyyətində qaldım!

"Mənəmi qalıbdır" deyərək üzümü çevirib gedə bilərdim

Yəni mənim əməlimin arxasında dayanan səbəb, motiv, niyyət budur. Başqa bir şey deyil! Əlbəttə, mən də minlərlə, bəlkə də yüzminlərlə yaşayan insan kimi "mənəmi qalıbdır" deyərək üzümü çevirib gedə bilərdim. Necə deyim ki, "mənəmi qalbdır?".

Haqq -ədalət haqqında deyim ki, "mənəmi qalıbdır?!" Xalq-vətən haqqında deyim ki, "mənəmi qalıbdır?!" Vicdan-qeyrət haqqında deyim ki, "mənəmi qalıbdır?!" Hamımızın bəyan etdiyimiz dəyərlər haqqında deyim ki, "mənəmi qalıbdır?!" Bu dəyərlərə sadiq qalmaqdansa deyim ki, "mənəmi qalıbdır?!"

Əlbəttə ki mənə qalıbdır! Dinsiz, imansız insanlara qalası deyil ki! Əqidəsiz-amalsız insanlara qalası deyil ki! Şəxsi rifahını hər şeydən üstün tutan insanlara qalası deyil ki! Özündənrazı, özünəvurğun, pula aşiq olan, pula səcdə edən insanlara qalası deyil ki!

Kariyeralarına xatir hər şeyə göz yuman, hər şeylə razılaşan, hər şeyi qəbul edən, qul kimi, kölə kimi yaşayan insanlara qalası deyil ki! Əlbəttə mənə qalıb! Sənə qalası deyil ki! Məni bu addımı atmağa vadar edən niyyət tam aydı olsun deyə, belə bir bənzətmə söyləmək istəyirəm: Bəzən bir insan, orqanizimində yaranan xəstəliyin müalicəsinə vaxtında başlamayanda xəstəlik inkişaf edir. Bu inkişaf o həddə çatır ki, artıq pəhriz, təmiz hava, hətta dərmanlar kömək etmir. Bu zaman bir çıxış yolu qalır; Həkim xəstəni əməliyyat masasına uzadıb, əlinə skalpeli alır və xəstənin bədəninə batırır. Məlum məsələdir. Həkimin niyyəti xəstəni kəsmək-deşmək deyil. Əksinə, onu müalicə etməkdir. Bir-çox hallarda xilas etməkdir! Bu hal, bu proses bəzən ictimai müstəvidə özünəməxsus bir formada baş verir. Cəmiyyətin də bir bədəni var və bu bədəndə hərdən bir xəstəlik baş qaldırır-MƏMUR ÖZBAŞINALIĞI.

Cəmiyyətin bədənindəki xəstəlik-MƏMUR ÖZBAŞINALIĞI

Məmur özbaşınalığı cəmiyyətin bədənində peyda olan bir xəstəlikdir ki, onun da üstünə vaxtında düşməyəndə başlayır inkişaf etməyə, kök atmağa. Bəzən bu gəlir elə bir həddə çatır ki, artıq orda şikayət ərizəsi yazmaqla, harasa müraciət etməklə, yəni hər hansı bir sivil yolla problemi aradan qaldırmaq olmur! Artıq orada Mayakoviskinin məşhur şeirində deyildiyi kimi:

"Разворачивайтесь в марше!

Словесной не место кляузе.

Тише, ораторы!

Ваше слово, товарищ маузер!"

Şeirdə deyilir: Vəziyyət gəlib elə bir həddə çatdı ki, artıq natiqlərin gözəl-gözəl danışıqlarının heç bir faydası yoxdur! Doğru sözün-düz sözün heç bir faydası yoxdur. Ona görə də söz sizindir yoldaş Mauzer!

Allah sözü bunlara kar etmir! Bu baxımdan, mənim o cərrahdan və əlimdəki silahımın cərrahın əlindəki skalpeldən bir fərqi var: Əgər cərrah bir fərdin bədənindəki xəstəliyin qarşısını alırsa, mənim niyyətim-məqsədim cəmiyyətin bədənindəki xəstəliyin qarşısını almaq olub. Bu xəstəliyi meydana gətirə biləcək daha ağır fəsadların qarşısını almaq olub.

Mənə deyə bilərlər ki, niyyətin yaxşı olsa da qanunu pozmusan. Bəli, pozmuşam! Ancaq hər qanunu pozan cinayətkar deyil! Çünki qanun özü hər qanunu pozana eyni münasibəti göstərmir. Ola bilər ki, iki nəfər zahirən eyni əməli törətsin. Ancaq qanun onlara tamam fərqli qiyməti versin. Niyə? Çünki nəzərə alınası amillər var. Çünki niyyət və motiv var. Hadisənin baş verdiyi şərait var! Hansı şəraitdə bu hadisə baş verib?

-Ölkəmizdə məmur özbaşınalığının höküm sürdüyü bir şəraitdə!

-Məmurun həddini aşdığı və hamının bir nəfər kmi buna susduğu bir şəraitdə!

Bəli, deyə bilərlər ki, məgər icra başçısı əlinə bıçaq alıb düşmüşdü camaatın üstünə, səndə ona görə onun qarşısını alırdın?

-Xeyr! Əlinə bıçaq alıb camaatın üstünə düşməmişdi ancaq unutmayaq ki, bıçaqla yalnız insanın bədəninə xəsarət yetirmək olar, biz insanlar isə yalnız cisimdən, bədəndən ibarət deyilik! Bizim bədəndən daha əhəmiyyətli dəyərlərimiz var! O dəyərlərə xətər yetirmək, insanın bədəninə xətər yetirməkdən daha pisdir. Çünki insanı insan edən elə onun mənəviyyatıdır, dəyərləridir!

Xülasə, niyyətim, terror etmək, haranısa partlatmaq- dağıtmaq olmayıb! Haqsızlığın və ədalətsizliyin qarşısını almaq olub. Vəssalam!

Elmar Vəliyevin konkret əməllərinə gəldikdə, onu deyə bilərəm ki, Gəncədə əvvəllər belə bir adət olub ki, hər il Aşura günü Gəncədə, şəhərin mərkəzində Şah Abbas məscdinin düz İmamzadə ziyarətgahına kimi böyük izdihamlı bir yürüş keçirilirdi. Onu da demək lazımdır ki, Gəncədə Aşura həmişə, hətta rəsmən Allahsız-dinsiz sovet hakimiyyəti dönəmində belə böyük təntənə, izdihamla keçirilirdi. Ancaq E.Vəliyev Gəncəyə icra başçısı gələndən sonra Gəncədə uzun illər boyu ənənəvi olan bu yürüşün qarşısı polislərin vasitəsilə alındı.

O polislər ki, xalqın yanında olmalıdırlar, xalqın müdafiəsində durmalıdırlar. İndi əllərində dəyənəklərlə düşürlər camaatın üstünə, zor-güclə, nə qədər insanları nahaq yerdən həbs edərək yürüşün qarşısını alırdılar.

Dünyada, demək olar ki, bütün ölkələr-insanlar, bir ictimai adət olaraq, praktik olaraq, müxtəlif məsələlərlə bağlı yürüşlər keçirirlər. Bununla insanlar nəyəsə öz münasibətlərini bildirirlər, mövqelərin ortaya qoyurlar, dəstək olurlar və ya hansısa məsələyə etiraz edirlər. Yəni sağlam, diri cəmiyyət üçün yürüşlərin keçirilməsi normal, təbii bir haldır. Hətta deyə bilərik ki, diri, fəal cəmiyyətin təlabatlarındandır! Anormal, xəstə, diktaturanın hökmü sürdüyü cəmiyyətdə yürüşlər yalnız hakimiyyət tərəfindən təşkil olunduğu bir halda baş tuta bilər. Diktaturanın hökm sürdüyü bir məkanda vətəndaşlar öz təşəbbüsü ilə yürüş keçirə bilməzlər. Əgər keçirmək istəsələr, mütləq onun qarşısı alınar. Necə ki Gəncədə qarşısı alındı.

Elmar Vəliyevin AŞURA XOFU

İndi hər il Aşura günü şəhərin mərkəzində avtobuslar dayanır, camaatı oradan avtobusla aparırlar İmamazadə ziyarətgahına və avtobuslarla da geri qaytarırlar. Bu yaxınlarda Bakıda Zəfər Günü və Xocalı soyqırımının ildönümü ilə yürüşlər keçirildi. Bu yürüşlər rəsmi dairələr tərəfindən təşkil olunmuşdu və biz bu yürüşləri dəstəkləyirik. Bəs həmin yürüşlərdə iştirak edən insanlara avtobuslarla gedib gəlmək təklif olunsa necə olar? Absurd olar. Bəs niyə bu absurd Gənsədə Aşura günü yürüş keçirmək istəyən insanlara qarşı tətbiq olunur?

Xülasə, yürüşün qarşısı alınır. Lakin bununla bitmir. Hər il Aşura günü E.Vəliyev Gəncədə bir problem yaradırdı. Bir dəfə Aşura bazar gününə təsadüf etmişdi. Bazar günü bildiyimiz kimi məktəblər işləmir. Ancaq E.Vəliyev bazar gününün dərs günü olması və bazar günü dərsə getməyən şagirdlərin valideyinlərinə cərimə tətbiq olunması göstərişini verir. Yəni Aşura yürüşünün qarşısını almaqla kifayətlənməyib, məktəblilərin istirahət hüququnu pozur, eyni zamanda onların valideynini cərimələtdirir.

Elmar Vəliyev Aşurada Gəncədə şərab festivalı keçirir. Onu da demək lazımdır ki, Aşurada iştirak edən insanlarla polislər arasında nədənsə hər dəfə qarşıdurma baş verirdi. Hətta Elmar Vəliyevin icra başçısı işlədiyi dönəmin son Aşurasında-2017-ci ildə ənənəvi qarşıdurma baş verdi. Amma bu dəfə xeyli insan həbs edildi. Bu insanların günahsız olduğunu bilə-bilə polislər həbs etmişdilər. Necə də ürəkbulandırıcı bir mənzərədir: Murdar bir məmurun, murdar bir əmirni canla-başla yerinə yetirən polislər günahsız insanları həbs edirlər. Həmin vaxt həbs edilən günahsızlardan biri də bu gün mənimlə eyni qrupda təqsirləndirilən Firudin Zeynalovdur. Günahsız insanların şərlənərək həbs edilməsi haqqında o, daha ətraflı danışa bilər. Amma kimə maraqlıdır ki?

Elmar Vəliyev azana qadağa qoymuşdu

Bir dəfə Gəncədəydim. Günorta azanının vaxtında şəhərin mərkəzindən, Şah Abbas məscidinin yanından keçirdim, azan vaxtı idi amma azan səsi gəlmədi. Sonra bəlli oldu ki, icra başçısı Elmar Vəliyev göstəriş verib, məscidlərdə azan verilməsin. Əslində yoldan keçən bir insan üçün azanın verilib verilməməsinin ola bilər ki, bir o qədər əhəmiyyəti yoxdur. Ancaq inanclı insanlar və məscid əhli üçün bu çox önəmlidir.

Başqa bir vaxt Elmar Vəliyev şəhərin mərkəzində yerləşən Şah Abbas məscidinə ayaqqabı ilə girərərk orada nalayiq sözlər işlədib, inanclı insanları təhqir edib.

Elmar Vəliyev Cavad Xanın məqbərəsini dağıtdı

Təkcə Gəncədə deyil, bütün Azərbaycan tarixində vətənpərvərliyin, mübarizənin simvoluna çevrilən Cavad Xanın məqbərsi Gəncə şəhərində, Şah Abbas məscidinin yanında yerləşirdi. Elmar Vəliyev Cavad xanın məqbərəsini də sökdü. Düzdü, yerinə təzəsini tikdi. Amma bu məntiqlə Qız Qalasını və ya İçəri Şəhəri də söküb təzəsini tikmək olar. Axı bu məqbərənin qiyməti elə onun köhnə daşlarındadır. Axı bu məqbərəni sökməklə tarixi əhəmiyyətini məhv elədi və bunu artıq geri qaytarmaq mümkün deyl.

Mənim təəccübümün həddi-hüdudu yoxdur. E.Vəliyevin Cavad Xanın məqbərəsini sökməsinə təəcüblənmirəm. Bu təəccüblü deyil. Ancaq Gəncənin və ölkənin ziyalıları, ağsaqqalları buna necə imkan verdilər? Bu hadisədən sonra da E.Vəliyevə "gözün üstə qaşın var" deyən olmadı-budur təəccüblənəsi hal.

İndiyə qədər də anlaya bilmirəm, axı bu necə ola bilər? Bayaq mən hər il Aşura günü E. Vəliyevin yaratdığı problemlərdən danışırdım. İndi Cavad Xanın məqbərəsinin sökülməsindən danışıram və burada biz artıq bir qanunauyğunluq, bir tendensiya görürük. Aşuranın qəhrəmanı İmam Hüseyn mübarizə simvolu olduğu kimi Cavad Xan da yadellilərə qarşı mübarizə simvoludur. Haqsızlıq və ədalətsizliyə qarşı mübarizə simvoluna çevrilmiş bu insanlar kimlərə xeyir etmir görəsən? Əlbəttə, haqsızlığı törədənlərə! Ədalətsizliyin başında duranlara! Ona görə də hər Aşurada bir problem yaranırdı, insanlar həbs olunurdu. Ona görə Cavad Xanın məqbərəsini sökdülər!

E.Vəliyevin digər bu tip əməlləri haqqında daha ətraflı Gəncədə yaşayanlar söyləyə bilər, nəinki mən. Lakin mən bir daha vurğulamaq istəyirəm ki, məni bu addımı atmağa vadar edən səbəb -motiv Elmar Vəliyevin çirkin əməlləri deyil, ölkədə məmur özbaşınalığı ilə bağlı olan mövcud durumdur.

"Mütəşəkkil dəstə" uydurması

"Mütəşəkkil dəstə"yə gəlincə deyə bilərəm ki, mənimlə birlikdə təqsirləndirilən bu qardaşları narkotiklə, silahla, müxtəlif saxta ittihamlarla şərləyib adımızı qoyublar mütəşəkkil dəstə. Baxmayaraq ki, zərərçəkmişlərlə müşahidə olunan 3 əsas epizod var. Hər üçündə mən tək olmuşam. Tək olmağım bir yana, 1-ci və 2-ci hadisənin ümumiyyətlə baş verməsinin yeganə səbəbi odur ki, mən tək olmuşam və mənə kömək edən olmayıb. Mənə kömək edən olsaydı, silah əldə etmək üçün polisə hücum etməzdim. Silah əldə etmək üçün polisə hücum edən adam sizə tez-tez rast gəlir? Siz belə bir şey görmüsnüz, eşitmisiniz?

Bu işi aparan müstəntiqlər özlərinə bir sual vermirlər: Niyə görə mən bir dənə tapançadan ötrü polisə hücum eləmişəm? Sual yaranmır ki, niyə gedib "qara bazar"dan almırdım? Çünki "qara bazar"dan gedib nəsə almaq üçün sənin gərək ən azından tanışın ola, əlaqən ola. Yəni sənə bu işdə gərək kimsə kömək eləsin? Düzdürmü? Deməli, silah əldə etmək üçün mənim ən elementar imkanlarım olmadığına görə polisin silahını götürmək üçün ona hücum etmişəm.

Mütəşəkkil dəstə? Özü də silahlı…?

Siz nə vaxtsa eşitmisiniz ki, ixtiyarında silahlı dəstə olan insan bir ədəd tapançadan ötrü polisə hücum eləsin? Bəli, mən polisə silah əldə etmək üçün hücum eləmişəm. Mənim ixtiyarımda heç bir mütəşəkkil dəstə olmadığına görə mən polisə silaha görə hücum etmək məcburiyyətində idim. Mənim silah əldə etmək üçün polisə hücum etməyimin səbəbi tam aydın olsun deyə, belə bir misal çəkim:

"Silah əldə etmək üçün polisə hücum edən insan dedikdə şəxsən mənim beynimə pratizanlar gəlir. Partizanlar haqqında kinolar gəlir. Partizan obrazı, partizan məvhumu-mənim silah üçün polisə hücum etməyimin səbəbini çox gözəl şəkildə izah edir.

 Niyə partizan silah əldə etmək üçün bir çox hallarda üstündə silah olan polisəmi, hərbiçiyəmi hücum etməyə məcbur olur? Çünki yad bir məkandadır! Yad bir mühitdədir! Onun "mənə kömək et, "qara bazar"dan silah alaq" deyə biləcəyi bir adamı yoxdur! Ona görə məcburdur silah əldə etmək üçün ən qəti, kəskin addımlar atsın. Mən də həmçinin.

Düzdür, Gəncə mənim üçün yad bir yer deyil ancaq bu işdə (yəni, icra başçısını cəzalandırmaq məsələsində) Gəncə mənim üçün tamamilə yad bir məkan, yad bir mühit olmuşdur. Bunu ən aydın şəkildə 1-ci, 2-ci və 3-cü hadisələr göstərir! Birinci hadisəni söylədim, ikinciyə nəzər saldıqda, yenə də mənim bu işdə nə qədər tək və tənha olduğumun şahidi oluruq.

Əgər mənə kömək edən olsa idi Bakıdan Gəncəyə gedəndə, (ikinci hadisə ərəfəsində) yəni artıq silahı götürdükdən, Bakıda bir neçə ay kirayələrdə qaldıqdan sonra Gəncəyə qayıdanda əlacsızlıqdan yanvar ayının axırında, 3 gecə mən beton binanın çardağında qalmazdım! 3 gün qaldım Gəncədə və 3 günün üçünü də mən o çardaqda gecələdim. Bunun nə qədər əziyyətli olduğunu, çətin ki, burda kimsə dərk eləsin. Çardaqda qaldığım zaman beynimdən bir fikir çıxmırdı ki, insanın xoşbəxt olması üçün havanın bir qədər isti olması kifayət edərmiş… Yəni bu qədə əziyyətli idi.

Öz sentemental təsüratlarımı bölüşmürəm e, mütəşəkkil dəstəyə gətirirəm ki, əgər mənə kömək edən olsaydı, mən niyə bu qədər əziyyət çəkirdim? Yaxşı, əziyyət bir qırağa, axı bu riskdir, təhülkədir: Mən axtarışdayam, üstümdə silah var, mən o binaya girəndə-çıxanda istər-istəməz məni görürdülər və bu mənim xeyrimə deyildi. Bunun bir məntiqi nəticəsi olaraq, növbəti səfər mən o binaya daxil olarkən orada polislə qarşılaşıram. Təbii ki, polis burada məndən şübhələnir. Başlayır məni sorğu-suala çəkməyə və mən ondan qurtulmaq üçün məcburam ona atəş açmağa. Bu da ikinci hadisə.

Əgər mənə kömək edən olsaydı niyə mən belə hadisələrlə qarşılaşırdım? Niyə birinci hadisə baş verir? Niyə ikinci hadisə baş verir? Çünki heç kəs yoxdur yanımda. Təkəm və heç bir kömək edənim də yoxdur.

Bəli, üüncü hadisə, yəni sonuncu hadisə hər bir halda baş verməli idi. Çünki mənim məqsədim bu idi. Ancaq bu hadisənin ən münasib olmayan yerdə baş verməsinin səbəbi də elə tək olmağımdır. Əgər mənə kömək edən olsaydı, nəinki mütəşəkkil dəstə tərəfindən bir nəfər belə bu işdə mənimlə əlbir olsaydı onda bu hadisə daha münasib, daha əlverişli bir yerdə baş verərdi. Elə bir yerdə ki, orda mənim heç olmasa tutulmamaq ehtimalım olsun. Nəinki şəhərin mərkəzi, İcra Hakimiyyətinin binasının düz girişində, daim polislərin dayandığı yerdə. Çünki bir tərəfdən İcra Hakimiyyətinin binasının əsas girişidi. O biri tərəfdən, yəni həmin bu əsas girişlə üzbəüz Heydər Əliyevin heykəli və muzeyi var. Yəni xüsusi əhəmiyyəti olan bir ərzaidir. Daim orada polislər və Şəhər Təhlükəsizlik Xidmətinin əməkdaşları dayanırlar

Yəni Gəncədə bu işi görmək üçün ən münasib olmayan bir yer varsa, həmin o yerdir. Əgər mənə kömək edən bir şəxs olsaydı mən daha əlverişli bir yer seçərdim. Ancaq tək olduğum üçün və üstəgəl həm polislər, həm də digər qarşımı almaq istəyən insanlar tərəfindən axtarışda olduğum üçün hadisələr məhz bu şəkildə cərayan edib. Ümumiyyətlə, Moskvadan Gəncəyə gələn gündən həbs olunana kimi hər hansı çətinliklərlə, problemlərlə üzləşmişəmsə hamısının kökündə tək olmağım dayanır!

Birinci və ikinci hadisənin baş verməsinin yeganə səbəbi tək olmağımdır. Üçüncü hadisənin mənim üçün ən təhlükəli yerdə baş verməsinin səbəbi tək olmağımdır!

Qarşıda bizi ədalətin mütləq bərqərar olacağı bir məhkəmə gözləyir!

Bu işi kim vicdanla, insafla araşdırsa, həmən qənaətə gələr. Ancaq buna baxmayaraq bizi yenə də mütəşəkkil dəstə kimi ittiham edib hökm çıxarıblar.

Eybi yox! Bizim etiqadımız belədir: İnsan həyatı bir göz qırpımında keçib gedir. Qarşıda isə bizi möhtəşəm bir məhkəmə gözləyir. Ədalətin mütləq bərqərar olacağı bir məhkəmə! Elə bir məhkəmə ki onun diqqətindən zərrə qədər bir şey belə kənarda qalmaz!

Elə bir məhkəmə ki orada Hakimin özü hər şeyə Şahiddir! Orada nə rüşvət var, nə də tapşırıq!

Qarşıda bizi İlahi məhkəmə gözləyir: Kimisini açlaldacaq, kimisini ucaldacaqdır! Odur ki, haqsızlıq və yalan yalnız bu fani, bir göz qırpımında keçib gedən dünya həyatı üçün keçərli ola bilər, axirətdə isə yalnız haqq-ədalət!

Zalımlar və kafirlər yalnız bu dünyada müvəqqəti və səthi bir ütünlük əldə etmişlər kimi görsənə bilərlər Əbədi və baqi bir aləmdə isə əlbəttə Allahın Zümrəsi qalibdir!

Elmar Vəliyev Ziya Bünyadov deyil

Onu da deyim ki, birinci məhkəmə məni xarici ölkələrin xüsusi orqanları tərəfindən Azərbaycana məkirli niyyətlə göndərilmiş bir insan kimi təqdim etmişdir. Bununla bağlı onu deyə bilərəm ki, bəli, həyatda belə şeylər olub. Bir xalqa qarşı düşmənçilik edən başqa bir xalq və ya təşkilat, qurum düşmən bildiyi xalqa zərbə vurmaq üçün həmin xalqın sayılıb seçilmiş şəxslərinə qarşı sui-qəsd edirlər, öldürürlər və. s. Ancaq məni bu məsələ ilə ittiham etmək heç bir məntiqə sığmır. Əgər öldürmək istədiyim akademik Ziya Bünyadov, Rövşən Cavadov, Rəşid Behbudov, Elmar Hüseynov, İsmət Qayıbov, Afiyəddin Cəlilov kimi bir insan olsaydı o zaman bu ittihamda məntiq olardı. Ancaq söhbət Elmar Vəliyevdən gedir… Nədir, yoxsa ittiham tərəfi elə hesab edir ki, E.Vəliyev Azərbaycan xalqının çox böyük bir tərəqqiyə doğru apara biləcək bir insan idi və düşmənlər də fikirləşdi ki, yox e, biz bunu heç cürə həzm edə bilmərik. Onu öldürmək lazımdır. Doğurdanmı onu öldürmək lazımdır?

Xeyir, bu mənim şəxsi təşəbbüsüm olub. Məqsədim bu idi ki, həm haqsızlıq edən bu məmur nəhayət ki, öz cəzasını alsın, həm də bu tip digər məmurlar bu hadisədən özləri üçün bir dərs çıxartsınlar. Eyni zamanda cəmiyyətin diqqətini bu problemə çəkmək istəyirdim. Bu barədə əvəllər də demişəm. Bu problem təkcə Gəncəyə aid problem deyil! Bir-çox rayonlar, şəhərlər var ki, orda eyni vəziyyət hökm sürür! Bir çox icra başçıları var ki, onların Elmar Vəliyevdən heç bir fərqi yoxdur!

Son həbslər (yeni icra başçılarının və digər vəzifəli şəxslərin həbsləri) bunun əyani təsdiqidir! Axı bu həbsləri biz son iki-üç ildir görürük. Yəni Gəncədə baş vermiş hadisədən öncə görmürdük. Ona qədər də biz başqa mənzərəni görürdük. Ona görə də hesab edirəm ki, son zamanlar gördüyümüz yüksək vəzifəli məmurların həbsləri Gəncədə baş vermiş hadisənin məntiqi nəticəsidir. Gəncədə baş vermiş hadisəyə qədər biz başqa mənzərəni görürdük. Hər halda bu hadisənin bu proseslərə əhəmiyyətli dərəcədə təkan verməsi və sbəb olması danılmazdır.

Hamı SUSUR!

Əlbəttə mən istəyirdim ki, bu hadisə də baş verməsin. Mən də istəyirdim ki, bu problem qanun çərçivəsində öz həllini tapsın. Ancaq bunun üçün ya gərək müvafiq qurumlar bu adama qarşı lazım olan tədbirləri görərdilər vaxtında, ya da gərək camaat, hər bir cəmiyyətin elitası hesab edilən alimlər ziyalılar bu adama qarşı öz münasibətini bildirsinlər. Ancaq əfsuslar olsun ki, nə müvafiq qurumlar tərəfindən bu adama qarşı bir tədbir görüldü, nə camaat səsini çıxardı, nə də almlər ziyalılar etiraz etdi. Hamısı susur!

Hamısı susur, hamısının susmağının kökündə də bir amil dayanır "mənə heç bir problem yaranmasın, təki başımız ağrımasın". Ona görə də üzümü tutub bu insanlara sadə bir həqiqəti çatdırmaq istəyirəm:

Əgər insanın həyatında haqq-ədalət uğrunda,

Xalq- Vətən uğrunda, əqidə və dəyərlər uğrunda,

heç bir problem yaranmırsa o, insan dünyanın ən bədbəxt insanıdır!

Böyük hərflərlə hündür yerlərdən yazın yapışdırın bu sözləri, bəlkə bir faydası oldu.

Onu da demək istəyirəm ki, mən öz məqsədimi, niyyətimi heç vaxt gizlətməmişəm, danmamışam. Əksinə, hələ hadisə baş verməmişdən qabaq, baş verəcək hadisənin səbəblərini ictimaiyyətə çatdırmaq üçün videomüraciət hazırlamışdım (o müraciət indi işin içindədir) və bu müraciəti etməklə məqsədim bu idi ki, qoy hamı bilsin ki, bu məmur hansı səbəblərə görə cəzalandırılır və bu tip digər məmurlar da qoy bu hadisədən özlərinə dərs götürsünlər.

Mən indi bu sözləri deyirəm və istər-istəməz mənim beynimə tarixi bir anologiya gəlir: Azərbaycanın görkəmli ictimia-siyasi xadimi Əhməd bəy Ağaoğlunun yaratdığı Difailər Partiyasının üzvləri vaxtilə Gəncə qubernatorunun müşaviri Kreşçinskini, törətdiyi haqsızlıqlara görə Gəncədə, düz elə yaşadığı evin qarşısında güllələmişdilər. Və hər yerə yazıb yapışdırmışdılar: "Biz eləmişik, filan-filan səbəblərə görə" ki, qoy hamı bilsin ki, bu məmur hansı səbəblərə görə cəzalandırılmışdı. Qoy başqaları da bundan ibrət götürsünlər!

Gəncənin iki "qubernatoru" Kreşçinski-Vəliyev

Bu bizim elə də uzaq olmayan tariximizdir və belə bir deyim də var: Tarix təkrardan ibarətdir! Gəncədə baş vermiş hadisənin təzahüründə biz tarixin təkrarlanmasının şahidi oluruq. Birdənə fərq ondadır ki, Difailər Kreşçinskini cəzalandıranda biri bu cəzalandırma aksiyasının planını cızır, biri icra edir, bii ictimaiyyəti məlumatlandırmaq üçün mətni yazır, biri həmin elanı yazır hər tərəf yapışdırır. Biri silahı tapır ortaya qoyur, digəri o silahla Krençeskini güllələyir. Yəni hərə bir işin qulpundan yapışır.

Ədalət naminə, Vətən naminə bir iş yapırlar! Bu dəfə isə bu cəzalandırma aksiyasının müəllifi də mənəm, icraçısı da mənəm, mətni yazan da mənəm, silah əldə edən də mənəm. Kreçenskini -Vəliyevi cəzalandıran da mənəm-hansı mütəşəkkil dəstə.

Əgər Difailərə bu gün biz hüquq müstəvisində qiymət versək onda gərək Cinayət Məcəlləsinin bir çox ağır maddələri ilə onları ittiham edək. Ancaq biz bunu etmirik. Əksinə, onların haqqında kitablar yazılır, filmlər çəkilir. Difailər fəxrlə yad olunur! Niyə? Çünki biz hamımız çox gözəl başa düşürük ki, bu adamların zahirən cinayət kimi görsənən əməlləri əslində vətənə olan məhəbbətdən qaynaqlanır! Hesab edirəm ki, mənim əməllərimə məhz bu kontekstdə, yəni Difailərin və ümumiyyətlə bütün vətəpərvər insanların (qanun işləmədiyi şəraitdəki) fəaliyyəti kontekstində qiymət verilməlidir!

P.S Mən artıq 4 ilə yaxındır ki, həbs olunmuşam. Bu müddət ərzində bir nəfər məhbus görmədim ki, onun cinayət işinin həlli bu və ya digər formada pula bağlı olmasın. Bu da ölkəmizdə ədalət-mühakimə sisteminin təpədən-dırnağa kimi rüşvətə qərq olduğunun təzahürdür.

Ey həmin bu xirtədəyə kimi rüşvətin içində olan sistemin hakimləri, prokurorları, sizmi məni qanunu pozmaqda ittiham edirsiniz? Sizmi məni mühakimə edirsiniz?!

P.S Şübhəsiz ki günahkarlar əbədi olaraq cəhənnəmə atılacaq. Onlar cəhənəm gözətçisini çağırıb deyəcəklər: "Ey Malik, qoy Rəbbim bizi öldürsün ki, canımız əzabdan qurtarsın!". O, isə: "Siz burada əbədi qalcaqsınız!" deyəcək. Quran 43/74, 77

Səfərov Yunis Rafiq oğlu"

 

Materialı paylaşarkən ilkin mənbə kimi Vetenugrunda.az-a istinad edin