İranın yeni prezidenti Seyid İbrahim Rəisi kimdir?

İranın yeni prezidenti Seyid İbrahim Rəisi kimdir?

 Məhkəmə sistemində dolğun təcrübə qazmış və korrupsiyaya qarşı mübarizdə ad çıxarmış İbrahim Rəisi İran İslam Respublikasının 8-ci prezidentidir.

Seyid İbrahim Rəisi 1960-cı il dekabrın 14-də Məşhəd şəhərində anadan olub. O, 15 yaşı olarkən Qum Dini Elmlər Hövzəsinə daxil olur. Rəisinin rəsmi tərcümeyi-halında onun beynəlxalq hüquq üzrə alimlik dərəcəsinin olduğu və Şəhid Mütəhhəri Universitetində fiqh və xüsusi hüquq elmləri üzrə fəlsəfə doktoranturasını müdafiə etdiyi bildirilir.

1981-ci ildə Kərac şəhərinin prokuroru, sonradan Həmadan ostanının prokuroru olub. Paralel olaraq, universitet müəllimliyi də edib. 1985-ci ildə isə Tehran baş prokurorunun köməkçisi təyin olunub. 3 il sonra Loristan, Semnan və Kirmanşah bölgələrinin prokuroru olub.

Rəisi öz fəaliyyətlərinin davamında 1989-cu ildə İran İslam İnqilabı Rəhbərinin hökmü ilə Tehranın prokuroru təyin olunub. 1994-2004-cü illər ərzində Ümumi Nəzarət Şurasının başçısı olub. Bundan sonra Ali Məhkəmə sədrinini müavini kimi 10 il fəaliyyət göstərən ayətullah 2014-2016-cı illərdə Baş prokuror səlahiyyətlərini icra edib.

İ.Rəisi 2016-cı ilin mart ayı İmam Rza(ə) Ziyarətgahının məsulu Ayətullah Təbəsinin vəfatından sonra Həzrət Ayətullahül-üzma Xameneinin göstərişi ilə bu vəzifəyə təyin edilib.

2017-ci il aprelin 14-də isə İbrahim Rəisi rəsmən prezidentliyə namizəd kimi qeydiyyatdan keçib və indiki prezident Həsən Ruhani ilə rəqabət aparıb; lakin seçkinin qalibi Ruhani olub.

2019-cu il martın 7-də Aliməqamlı Rəhbər Həzrət Ayətullahül-üzma Xamenei onun İran Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin olunması barədə fərman imzalayıb. Fərmanda İnqilab Rəhbəri cənab Rəisiyə məhkəmə sistemində dəyişikliyin zərurətini və yeni dövrdə daha güclü çalışmağı tapşırıb. O sıradan məhkəmə hakimiyyətində dürüst insanların iş başına gətirilməsi, korrupsiya ilə mübarizənin zəruriliyi və ədalətin bərpası kimi məsələlər Rəisiyə tövsiyə edilib.

Sahartv-nin məlumatına əsasən, nəhayət İranın yeni seçilən prezidenti Məhkəmə Hakimiyyətinin sədri vəzifəsində korrupsiyaya qarşı sərt mübarizəsi ilə insanların rəğbətini qazanıb və 18 iyun seçkilərini udmasında bu amil başlıca rol oynayıb.