Yəmənli jurnalist Qobustan abidələrindən yazdı

Yəmənli jurnalist Qobustan abidələrindən yazdı

Yəmənli jurnalist Əbdül Həmid Əl-Kibi İraqın ANN informasiya agentliyinin saytında Azərbaycanın Qobustan Milli Parkı haqqında məqalə ilə çıxış edib.

Azərbaycanın ən qədim abidlərinin olduğu Qobustan Dövlət Tarixi-Bədii Qoruğu haqqında ərəbdilli oxuculara ətraflı məlumat verən müəllif burada fəaliyyət göstərən muzey, mezolit (orta daş dövrü) abidələri barədə məlumatları təqdim edib.

Məqalədə qeyd olunub ki, Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçıların fərqli versiyaları var, lakin bir çoxları bu toponimin coğrafi şəraitlə bağlı yaranması qənaətindədirlər. Belə ki, Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir.

Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və palçıq püskürmələrinin yaratdığı böyük təbii hərc-mərclik aləmi müşahidə olunur. Bu, illərin, əsrlərin deyil, milyon illərin ardıcıl olaraq yaratdığı dağıntılar və "quraşdırmaların" nəticəsidir.

Qobustan adının da mənşəyi məhz bu təbii şəraitlə izah olunur. Qobustandakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqu İshaq Cəfərzadə tərəfindən 1939–1940-cı illərdə aşkara çıxarılıb, bundan sonra uzun illər boyu aparılan elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərində döymə, qazma və sürtmə üsulu ilə çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar -petroqliflər qeydə alınıb, 20 qayaaltı sığınacaq aşkarlanıb. Məqalədə Diri Baba türbəsi və Şamlı məscidi haqqında da məlumatlar yer alıb.

Müəllif Böyükdaş və Cingirdağda olan, "Qavaldaş" adlanan daş musiqi qurğularının qoruğa gələnlərin böyük marağına səbəb olduğunu qeyd edib. O vurğulayıb ki, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Ümumdünya İrsi Obyektlərinin Siyahısına daxil edilib. (azertac)