Muğam Mərkəzində Gənclər Günü

Muğam Mərkəzində Gənclər Günü

Beynəlxalq Muğam Mərkəzində növbəti konsert Gənclər Gününə həsr olunacaq

Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzinin (BMM) dəstəyi ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Yeni gənclik" musiqi günləri çərçivəsində konsert proqramı təqdim olunacaq.

Muğam Mərkəzindən bildirilib ki, konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu "Detaşe" violin ifaçıları ansamblı çıxış edəcək. Proqramda BMA-nın III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Osman Mustafazadə, Xədicə Mirqulamlı, Şükufə Rəsulova iştirak edəcək. İfaçıları Səbinə Muradova müşayiət edəcək.

Qeyd edək ki, "Detaşe" ansamblının əsas fərqli xüsusiyyəti alət tərkibinin ancaq violinlərdən ibarət olmasıdır. Uzun illər səmərəli fəaliyyət göstərən kollektiv müxtəlif konsert məkanlarında maraqlı layihələri ilə musiqisevərlərin rəğbətini qazanıb.