Dünyanı heyran edən Şahabbası xalçaları-Ərdəbil incisi

Dünyanı heyran edən Şahabbası xalçaları-Ərdəbil incisi

 Dünyaca məçhur olan Şah Abbas xalçaları qədim Azərbaycan xalçaçılıq məktəbinin incilərindəndir. Bu xalçalar Ərdəbildə meydana gəlib.

 XVII əsrdən başlayaraq tacirlərin həvəslə axtardığı Şah Abbası xalçaları Azərbaycanın Təbriz xalçaçılıq mərkəzininnin Ərdəbil qrupuna aiddir.

Bu xalçaların adı Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın (1587 -1629-cu illər) adı ilə bağlıdır. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonlarına – İsfahan şəhərinə köçürtdü.

Bununla əlaqədar olaraq Azərbaycanın bir çox görkəmli ustaları və sənətkarları İsfahana köçmək məcburiyyətində qaldılar. Orada qısa müddət ərzində həndəsi şəbəkə əsasında nəbati naxışla qurulmuş ilk xalılar toxundu və böyük məşhurluq qazandı.

Bu xalçaların bədii quruluşu "Əfşan" xalçalarında olduğu kimidir. Onlar detallarla və "Şahabbası gülləri" adlanan elementlərlə fərqlənir. "Şahabbası gülləri" əsasən üslublaşdırılmış çiçəklərdən, həmçinin enli əncir yarpaqlarından ibarətdir. Bu elementlər şəbəkəni təşkil edən xətlərin kəsişmə nöqtələrində yerləşir. Ara sahənin yuxarı hissəsində, mərkəzi ox üzərində çiçəklər üçün güldan təsvir edilmişdir. Belə güldanı "Şeyx Səfi", "Xanlıq" və başqa xalçalarda görmək olar.

"Şahabbası" xalçasının xarakterik xüsusiyyəti elementlərin üfiqi xətt üzrə asimmetrik yerləşməsidir. XVII əsrin ikinci yarısından başlayaraq "Şahabbası" xalçasının adı – "Covşaqan" yayılmağa başlayır. Covşaqan – İsfahan şəhərindən şimalda yerləşən məşhur xalçaçılıq məntəqəsidir.