Azərbaycan filmi Tokioda mükafata layiq görülüb

Azərbaycan filmi Tokioda mükafata layiq görülüb

Hilal Baydarovun rejissoru olduğu "Durna çırağı" filmi 4-cü Tokio Beynəlxalq Film Festivalının laureatı olub.

Bu barədə festivalının rəsmi saytında məlumat verilib. Bildirilib ki, "Durna çırağı" filmi bədii töhfəsinə görə festivalın mükafatına layiq görülüb.

Qeyd edək ki, ümumilikdə müsabiqə proqramında 15 film nümayiş etdirilib. Bu filmlər dünyanın 113 ölkəsindən və regionundan 1533 film arasından seçilib. Festivalda müsabiqəyə buraxılan filmlər arasında Çin, Qazaxıstan, Cənubi Koreya, Yaponiya, Albaniya və İran filmləri olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Hilal Baydarovun "Durna çırağı" filmində hüquq fakültəsinin məzunu olan qızla dörd qadını oğurlamaqda ittiham edilən kişi arasında münasibətdən bəhs edilir. Maraqlı burasındadır ki, həmin qadınlar ona qarşı şahidlik etməkdən imtina edirlər. Filmdə Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva, Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və başqaları rol alıblar. Filmin bəstəkarı Kənan Rüstəmlidir.

Son illər bir sıra festivallarda iştirak edən Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi 2020-ci ildə Avropanın üç ən nüfuzlu kino müsabiqəsindən biri sayılan Venesiya Beynəlxalq Film Festivalında nümayiş olunub. Rejissorun "Xurmalar yetişən vaxt" adlı ekran işi 2019-cu ildə 25-ci Sarayevo Film Festivalında "Ən yaxşı sənədli film" nominasiyasında qalib olub.

Onu da qeyd edək ki, "Durna çırağı" Tokio Beynəlxalq Film Festivalında nümayiş olunan ikinci Azərbaycan filmidir. 2014-cü ildə rejissor Elçin Musaoğlunun Qarabağ müharibəsindən bəhs edən "Nabat" filmi festivalın iştirakçısı olub.