"Ölkə rəhbərliyi cəmiyyətdə süni cəbhələşmə yaratmaqda maraqlıdır"

"Ölkə rəhbərliyi cəmiyyətdə süni cəbhələşmə yaratmaqda maraqlıdır"

İlyas İsmayılov: "Kolbasa-çörək yemək günah deyil, ən böyük günah dövlət əmlakını yeməkdir"

"Hakimiyyət orqanlarında ən yüksək vəzifə tutmuş insanların iş vaxtından sonra bir araya gəlməsi və kolbasa-çörək yeməsi ayıb deyil. Ayıbdan daha betər olan şey isə dövlətin əmlakını yeməkdir".

Bu fikirlər Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılova məxsusdur.

Partiya sədrinin fikrincə, ən xırda məmuru, icra başçısı belə, milyonlarla dollarlıq dövlət əmlakını mənimsəyən bir hakimiyyətin öz sələfinin kasıbanə süfrəsinə istehza etməsi qəbulediləcək durum deyil: "Açığı, neçə gündür, bu məsələyə reaksiya verib-verməmək barədə düşünürəm.

Ölkəmizin milli həmrəyliyə, vahid cəbhədən çıxış etməyə hər zamandan daha çox ehtiyac duyduğu bir zamanda od üstünə yağ tökmək istəmirəm. Amma 20 il əvvəl dünyasını dəyişmiş, adı heç bir korrupsiya faktında hallanmamış bir insan barədə səslənən qərəzli fikirlərə dözmək mümkün deyil. Üstəlik, bu şəxs barədə irəli sürülən iddialar da əslində onun təmizliyindən, korrupsiyaya bulaşmamasından xəbər verir. O da başqaları kimi korrupsiyaya bulaşsaydı, kabinetində kolbasa-çorək yox, ölkənin ən bahalı restoranlarında yeyib içərdi".

İlyas müəllimin fikrincə, indiki zamanda hər kəsə qucaq açmaq, milli həmrəyliyi qorumaq, insanları eyni məqsəd ətrafında birləşdirmək hamıdan çox hakimiyyətə lazımdır, hakimiyyət isə sanki qəsdən ziddiyyətləri artırır: "Azərbaycan bu gün özünün ən ağır günlərini keçirir.

Bir tərəfdən düşmənlər ölkəmizə hücum edir, generalımızı, polkovnikimizi, ordumuzun ən dəyərli insanlarını öldürürlər. Digər tərəfdən ölkə iqtisadiyyatı tənəzzül prosesi yaşayır.

Dövrün bəlası olan koronavirus pandemiyası hər kəsi evinə çəkilməyə məcbur edib, bu da iqtisadiyyatımızı daha da çətin vəziyyətə salır. Belə bir vəziyyətdə hakimiyyət insanları, müxtəlif siyasi qurumları bir yumruq kimi birləşdirmək əvəzinə, xalq hərəkatına rəhbərlik etmiş şəxsiyyəti sözün bütün mənalarında qaralayır".

Müharibə şəraitində bütün siyasi qüvvələrin qrup maraqlarını bir kənara atıb ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qorunması istiqamətində birləşməli olduğu halda kimlərinsə ictimai vicdanı yaralayan çıxışlar etməsini heç cür anlaya bilməyən İlyas İsmayılov bunu xüsusilə hakimiyyətə yaraşdırmağını bildirib: "Çünki bu mürəkkəb vəziyyətdən üzüağ çıxmaq hər birimizin ən böyük arzusu olduğu halda, hakimiyyətin həm də vəzifə borcudur.

Bu gün Azərbaycanda yaşanacaq ən xırda uğursuzluq belə, hakimiyyətin ayağına yazılacaq. Hakimiyyət nümayəndələri bu amilləri nəzərə alıb qarşı-qarşıya qaldığı məsuliyyəti millətlə bölüşməyə çalışmalıdır. Tarix boyu millətlər bu cür çətin imtahandan əl-ələ verərək çıxıblar.

Ölkə rəhbərliyi isə sanki cəmiyyətdə süni cəbhələşmə yaratmaqda maraqlıdır. Həm xaricdə, həm daxildə ziddiyyətlərlə çarpışan dövlətin aqibəti yaxşı görünmür".

İlyas İsmayılov üzünü bütün siyasi qruplara tutub bu amilləri nəzərə almağa və indiki zamanda mənasız polemikalara girməməyə çağırır.(ovqat.com)