"Bundan böyük edam olar?" Fərqanə Mehdiyeva

 "Bundan böyük edam olar?" Fərqanə Mehdiyeva

Bu gün şairə Fərqanə Mehdiyeva da bu fani dünyadan yükünü çəkib getdi. 

Vetenugrunda.az-ın təqdim etdiyi bu müsahibəni 9 il öncə etmişdik. Amma toxunduğumuz bütün movzuların ətrafında yaranmış problemlər öz aktuallığında qalır. Çox təəsüf...

 "Bəzi qadınlarımız ərlərinə layiq olduğu qiyməti verə bilmirlər"

Müsahibim "Ulduz" jurnalının poeziya şöbəsinin müdiri, şairə Fərqanə Mehdiyevadır. Müasir poeziyada özünəməxsus yaradıcılığı olan Fərqanə xanımın sevgiyə, insanlara münasibəti də çox fərqlidir.

-Fərqanə xanım, yəqin ki, siz də kişilərin qadınlarımıza bir iradından xəbərdarsınız? Kişilər bizim qadınların ərlərinə pul dağarcığı kimi baxdığını deyir. Hamısı olmasa da, çoxu belə iddia edir...

-Bu baxış mənə aid deyil. Hətta mən kişilərin tərəfindən çıxış edərək belə bir şeir də yazmışdım:

Qadınlar, sıxmayın kişiləri siz,

Eşitsin səsimi qoy uzaq, yaxın.

Yox, yox danlamayın, incitməyin siz,

Köhnəni təp-təzə geyinib çıxın.

Hər iki tərəf bir-birini yaxşı anlamalı və dəyərləndirməlidir.

-Amma səbəbsiz nəticə yoxdur. Yəqin ki, kişilərin bu fikrə düşməsinə də qadınlarımız səbəb yaradıb.

-Qadınlarımız məndən inciməsin, ən adi səbəbə görə ailələr dağılır. Amma bir məqama da toxunum, dünyanın heç bir qadını azəri qadınları qədər kişiyə güzəştə gedə bilmir. Kişilər də unutmasınlar ki, "Qadın elə incə məxluqdur ki, onu çiçəklə də döymək olmaz".

-Amma Fərqanə xanım qırmızı sapı nişan üzüyü kimi qəbul edir... Bundan böyük dəyərləndirmə olar?

-Hə, bu tarixçəni artıq hamı bilir. Tələbəlik illlərində rəhmətlik, sevimli şairimiz Ağa Laçınlının bir şeiri bütün həyatımı dəyişdi:

Qırmızı sap bağla sən barmağıma,

Mən onu sayaram nişan üzüyü.

Onun həyat yoldaşına yazdığı şeir idi bu. Bax, mən həyatımı bu şeirin üzərində qurdum. Deyirdim: mən elə bir adamla ailə quracağam ki, o, mənim barmağıma nişan üzüyü əvəzinə sap bağlasın, ancaq məni duysun, yazdıqlarımı, özümü, ruhumu dəyərləndirsin. Məndən "təzə nə yazmısan" soruşsun. Mən də ondan heç vaxt "nə almısan, evə nə gətirmisən" soruşmayacağam. Onun əlinə baxmayacağam. Həyatımı bu yanaşma ilə qurdum.

-Seçdiyiniz insan sizin hisslərinizi, duyğularnızı, başqalarından fərqli dünyanızı dəyərləndirə bildimi?

-İndi elə bir cəmiyyətdə yaşayırıq ki, kütlə yaradıcı adamlara dəli kimi baxır. Yəni bir şou ulduzuna istedadlı bir yazardan daha çox önəm verirlər. Kütlənin yanaşması fərdlərə də təsir edir. Məsələn, bəzi məqamlar olur, mən metroya qədər yolu piyada getməli oluram.

-Aha, deməli, kişilərə də qadının qazancı onun iç dünyansının zənginliyndən, xarakterindən daha çox gərəklidir?

-Yox, mənim həyat yoldaşım yaradıcılığımı qiymətləndirir. Sadəcə, yoldaşım da işsiz olanda dilxor olur.

-Maraqlıdır, siz həyatınızı şair Ağa Laçınlının bir şeiri üzərində qurdunuz. Amma Ağa müəllim onu sovet dönəmində yazmışdı. O zaman ziyalıya qiymət verilirdi. Sovet dönəmində alimlərə, yazarlara paytaxtın ən yaxşı yerlərində keyfiyyətli evlər verilirdi. Sabaha ümidlə baxırdı insanlar. Bu dönəmin şairəsi Fərqanə isə yazır:

Maaş gözləyirəm mən üzüqara,

Maaşsa bir kisə un da eləmir.

-Bu şeirin adı "Ehtiyac"dır, xeyli zamandır yazmışam. Bizim ölkəmiz müharibə şəraitində yaşayır. Sosial problemlərin olması da, yəqin ki, bu üzdəndir.

-Amma siz elə o sovet dönəmində yaşayan atanıza yazdığınız şeirnizdə də sosial problemləri qabartmısınız. Sovet dönəmində yaşayan ata peçdə yandırmağa odun tapmır:

Yaman narahatdın odun sarıdan,

Söylə əllərini kəsirmi soyuq.

Əcəl boylanırmı uçuq barıdan,

Ata, oralarda ta nə var, nə yox?

Bax, bu ölkədə ən adi problemlər 50 illərlə öz həllini tapmır. Bu gün də kəndli adi oduncağın dərdini çəkir. Gürcüstanın, Ermənistanın ən ucqar kəndləri qazla təmin olunduğu vaxtda biz paytaxtda hələ də "qazımız kəsildi", "qaz o qədər zəifdir ki, su da qızmır" kimi gileyləri eşidirik.

-Atam-anam çətinlik çəkiblər. Atam neftçi olub. 7 uşaq böyüdüb. Amma bu gün həyat yoldaşımla birgə 2 uşağın maddi ehtiyaclarını ödəyə bilmirik.

-Deyirlər: zaman bütün yaraların məlhəmidir. Amma Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin qabartdığı problemlərmizi aradan keçən bu qədər böyük zaman məsafəsi də dəf edə bilmədi...

-Yəqin ki, yaxşı olar, inşallah. Ümidlərim böyükdür. Ali məktəbdə oxuyanda təqaüd alırdım və çalışırdım ki, atamın qabarlı əlinin qazancını xərcləməyim. Amma indiki nəsil çox tələbkardır. Qızım ərə gedəndə məndən cehiz üçün lazım olan hər şeyi tələb etdi.

-Maraqlıdır, əslində bu indiki tələbkar nəsil analarından gündə bir geyim, ən son model telefon tələb edir. Amma məktəbdə müəllimdən daha yaxşı dərs və ya daha keyfiyyətli dərslik tələb etmir...

-Oğlum tez-tez mənə "sən məni dünyaya gətirdiyin kimi, müəyyən yaşa qədər də hər şeylə təmin etməlisən" deyir.

-Xarici dövlətlərdə 18 yaşına qədər gənclərin tibb və təhsil xərclərini dövlət çəkir, üstəlik, dolanışıq üçün aylıq pul verir. 18 yaşına çatanda isə ayrıca evlə təmin edir. Amma burda uşaqlar bütün bunları az maaşla, min bir problemlə yaşayan valideynindən tələb edir.

-Bizim dövrümüzdə bugünkü seriallar göstərilmirdi. Uşaqlarım mənə deyirlər ki, sənin yaşında olanda övladımın bütün ehtiyaclarını təmin edəcəyəm.

-Sizin uşağınız işləsə də, onun aldığı cüzi maaş, bugünkü bazarın ağırlığı ilə duruş gətirə bilməyəcək. Ancaq "şou-biznes"ə qatılıb bunları əldə etmək olar. Yeri gəlmişkən, bizim ən vacib işimiz şüurlarda inqilab etməkdir. Tükəzbanla Novruzəlinin fikirlərində dəyişiklik etmək gərəkdir...

-Təbii ki, zehinlərdə də inqilab etmək gərəkdir. Maddi ehtiyac, sosial problemlər də asanlıqla aşılan deyil. Mən ötən il 300 manat prezident təqaüdü alırdım, üstəlik, bu maaşımla üst-üstə düşəndə rahat yaşayırdıq. Onda bizim ailəmiz rahat dolanırdı. Çünki ehtiyaclarmızı təmin edə bilirdim. Mənim də fikirm daha çox yaradıcılıqla məşğul idi. Bu gün işıqpulunu ödəyə bilmirəmsə, kəsilən işıq mənim doğulacaq şerimi bətnindəcə boğur.

-Bir şeiriniz var:

Yesin ürəyini, ölsün acından,

Tək "sözə" söykənsin ehtiyacından.

Edam kötüyündən, dar ağacından,

Gərək ayılmasın şairin başı!

Amma bizim şairlərin başı nə edam kötüyündə, nə də dar ağacında görünür...

-2 ali təhsilim var, amma 152 manat maaş alıram. Bundan böyük edam olar?..

-Siz 2 diplomla bu gün 152 manat maaş alırsınız. Əslində siz müsahibəyə başlamazdan şərt kəsdiniz ki, siyasətə toxunmayaq. Amma belə bir aforizm var: "Sən siyasətə qarışmasan da, siyasət sənə qarışacaq".

-Əslində elə siyasətdən kənar ədəbiyyat yoxdur.

-Bəzən deyirlər: yazar ehtiyac içində yaşamalıdır ki, yansın, qovrulsun və yazsın. Sizcə, yazmaq üçün bu "yanma" prosesi çox vacibdir? Söhbət maddi ehtiyacdan gedir.

-Yox, razı deyiləm bu fikirlə. Mənim maddi imkanlarım yaxşı olsa, ehtiyac şeiri yazmaram. Başqa mövzulara toxunaram. Axı həyatda "ehtiyac" sözündən başqa da sözlər var, özü də daha şirin, daha səlis. "Şairin başı" şeirim sizin sualınıza konkret cavab idi.

-Bütün zamanların ən böyük yazarı Lev Tolstoy çox zəngin yaşayıb və böyük söz xəzinəsi qoyub gedib. Tolstoyun yaradıcılığında insan obrazı çox dərindir. Bu dərinlikdə oxucu itib-batır. Çünki bu dahinin düşünməyə daha çox vaxtı var idi.

-Ehtiyacın da qədəri var...

-Bu gün ədəbi tənqidimizin durumu bir yaradıcı insan kimi sizi qane edirmi?

-Qane edir. İndi görürsən ki, bəzi məqamlar olur, üz-üzdən utanır. Amma ümumilikdə durum məni qane edir.

-Demək istəyirsiniz ki, ədəbi tənqidimiz var, amma Azərbaycansayağıdır?

-Yox, bizim ədəbiyyatımızda səviyyəli ədəbi tənqid həmişə olub, indi də var.

-Fərqanə xanım, gəlin etiraf edək: Azərbaycanda ədəbi tənqid yox, ədəbi tərif var.

-Vaqif Yusufli, Əsəd Cahangir və başqa yaxşı tənqidçilərimiz var.

-İndiyə qədər sizin yaradıclığınıza əsl tənqidçi kimi hərtərəfli işıq salıb, araşdıran, tənqid edən olubmu?

-Olub. Vaqif Yusifli mənim yaradıcılğımı çox geniş şəkildə tənqid edib. Maraqlı, izahlı bir məqalə yazıb. Mən də onun haqlı tənqidlərindən, iradından inciməmişəm.

-Bu gün, bütün dövrlərdə və ədəbiyyatlarda olduğu kimi, bizim ədəbiyatda da gənc və yaşlı nəsil arasında anlaşmazlıq var, bəyənməmək və qəbul etməmək var. Əslində valideynlə övlad arasında da fikir ayrılğı olur. Amma bizdə buna qərəzlə, aqressiv yanaşırlar.

-Baxır hansı gəncliyə. Elələri var ki, bir cümlə yazmayıb, gəlib kimə gəldi ağzına gələni qoşur, biabır edir. İstedadı heç kim dana bilməz axı. İstedad insana doğulanda verilir.

-Sizin yaradıcılığınız başqa şairə qadınlardan çox fərqlidir. Yəqin ki, sizin ədəbi gəncliyə də münasibətiniz fərqlidir? Sizcə, bu gün ədəbiyyatmızda ümid doğuran gənclər varmı?

-Var. Yazar Rəşad Məcidin rəhbərliyi altında "Gənc ədiblər" qurumu yaradıldı. İki dəfə "Ulduz" dərgisi onların yaradıcılğna həsr olundu. Onların arasında güclüləri kifayət qədərdir. İndiki gənclər yaşlı nəsildən modern üslubuyla fərqlənir. Qismətin, Şəhriyarın, Elnaz Eyvazlının, Şahinə Könülün, Günel Şamilqızının, Hafiz Hacıxalılın, Orxan Zamanın, Vüsal Nurunun, Cavid Zeynallının, Feyziyyənin və başqalarının yaddaqalan qələmi var. Bu gənclər çox istedadlıdırlar. Şəhla Könül Qazaxda yaşayır.Özünəməxsus yaradıclığı var. Günel Şamilqızında Ramiz Rövşən ruhu duyuram.

-Mütailə ilə aranız necədir?

-Axır vaxtlar nəsrdə Elçin Hüseynbəylini oxuyuram. Hazırda onun "Yol ayrıcında qaçış" romanının hələ də təsirindən çıxmamışam...

-Eşitdim ki, təzə kitabınız çapdan çıxacaq...

-İnşallah, kitabımı hazırlamışam, yaza qədər çıxarmaq fikrim var. Görüm imkanım olsa, baharda oxucularımı yenə də sevindirmək fikrindəyəm.

Arzu Abdulla

2011-24 yanvar