Peyğəmbərimizə (s) məxsus olan "ümmi" ləqəbinin mənası nədir?

Peyğəmbərimizə (s) məxsus olan "ümmi" ləqəbinin mənası nədir?

Ərəb dilində"ümm" "ana" deməkdir, "ümmi" isə "anaya aid" mənasını verir. Bir çox hallarda bu söz "anadangəlmə" mənasında işlədilir.

Ərəb dilində "ümm" "ana" deməkdir, "ümmi" isə "anaya aid" mənasını verir. Bir çox hallarda bu söz "anadangəlmə" mənasında işlədilir. Çünki yazıb-oxumaq qabiliyyətini insan sonradan qazanır və heç kim anadangəlmə yazıb-oxumağı bacarmır. Peyğəmbərimizə (s) bu ləqəbin verilməsinin səbəbləri barədə fərqli fikirlər vardır. Bəzi alimlər həzrətin yazıb-oxumaq bacarmadığını iddia edərək, bu sözü "anadangəlmə yazıb-oxumağı bacarmayan" mənasında izah etmişlər. Bəzilərinin fikirncə, Məkkə şəhəri bütün şəhərlərin əsası sayıldığı üçün ona "ümmül-qüra", yəni "şəhərlərin (kəndlərin) anası" demişlər.

Peyğəmbərimiz (s) də məkkəli olduğu üçün ona bu ləqəb verilmişdir. Ümumiyyətlə, Həzrət Mühəmmədin (s) peyğəmbərlikdən əvvəl yazıb-oxumaq bacarmadığı məlumdur, amma peyğəmbərlikdən sonra yazıb-oxuduğunu həm təsdiq, həm də inkar edənlər vardır. Qeyd edək ki, Qurani-Kərimdə də "ümmi" ləqəbi o həzrətə aid edilib (Əraf, 157).