Ermənilərin köçürülməsi rusdilli mənbələrdə 

Ermənilərin köçürülməsi rusdilli mənbələrdə 

Azərbaycanın ayrılmaz hissəsi – Dağlıq Qarabağ probleminin tarixi kökləri, müxtəlif dövlərdə onun etnik tərkibi ilə əlaqədar bir-birini istisna edən xeyi versiyalar var.

Bəzi erməni tarixçiləri ağlasığmaz tərzdə tarixi həqiqəti təhrif edir, həmçinin Qarabağın tarixən Ermənistana mənsub olması kimi illüziya xarakterli versiyalar irəli sürürlər.

Əslində isə ermənilərin Azərbaycan torpaqlarına gəlmələri həqiqəti tarixi mənbələrdə, elmi tədqiqatlarda, eləcə də arxeoloji materiallarda kifayət qədər öz əksini tapıb. Bir sıra rus müəllifləri bu faktı öz əsərlərində təsdiq edirlər.

Böyük mübahisə və münaqişələr obyekti olan Qarabağ, 1805-ci ildə Azərbaycan xanlığı kimi, Qarabağ xanı İbrahimlə Rusiya İmperiyası qoşunlarının baş komandanı general Sisianov arasında bağlanmış Kürəkçay sülh müqaviləsinə görə, Rusiyanın tərkibinə daxil edilib.

Kürəkçay sülh müqaviləsinin ikinci bəndinə görə, Qarabağ xanının dövlətinin bütövlüyünə və hakimiyyətin irsi varisliyinə imperator zəmanəti verilir. Lakin bir müddət sonra, 1822-ci ildə çar hökuməti müqavilənin bu bəndini pozaraq, Qarabağ xanlığını siyasi vahid kimi ləğv etdi və onu imperiyanın bir əyalətinə çevirdi. Bununla belə, "dövlətin bütövlüyünün qorunmasına imperator zəmanəti" verən çar hökuməti dövlətin idarə olunması baxımından istisnasız olaraq müsəlman əyaləti kimi Qarabağ xanlığını qalan müsəlman əyalətlərindən ayırmadı. Çünki 1805-ci ildə xanlıq Rusiyanın tərkibinə daxil edilərkən, ermənilər xanlıq əhalisinin yalnız 20%-ni təşkil edirdilər.

XIX əsrin əvvəllərində çarizmin müstəmləkəçilik mövqeyinin əsasında Türkiyə və İran ərazilərindən Qafqaza, Qərbi Azərbaycana, eləcə də Qarabağa ermənilərin köçürülməsi ideyası dururdu.

Ermənilərin İrandan və Cənubi Azərbaycandan Cənibi Qafqaza, xüsusilə də Qarabağa kütləvi surətdə köçürülməsi nəticəsində, 1804-1813-cü və 1826-1828-ci illərdəki Rusiya-İran müharibəsi dövründə bu əyalətlərdə məskunlaşdırılan ermənilərin sayı ildən-ilə artırdı.

Məsələn, 1826-1828-ci illərdə Rusiya-İran müharibəsinin gedişində İrandan və Cənubi Azərbaycandan yuxarıda göstərilən ərazilərə 18 min erməni ailəsi köçürülmüşdü.

Qeyd olunan müharibə bitdikdən sonra imzalanan Türkmənçay müqaviləsinin şərtlərinə görə, ermənilərin İran ərazisindən maneəsiz köçmələrinə icazə verildi. Əslində bu müqavilə ermənilərin kütləvi şəkildə İrandan Cənubi Qafqaza, o cümlədən də Qarabağa maneəsiz köçmələrinə geniş imkanlar yaratdı.

Çar hökumətinin ermənilərin Cənubi Qafqaza, eləcə də Qarabağa köçürülməsində izlədiyi əsas məqsəd və bunun Qafqazda demoqrafik şəraitin dəyişməsinə təsiri haqqında N.Şavrov yazırdı: "Biz Zaqafqaziyada imperiya siyasətinin həyata keçirilməsinə buraya rus əhalisinin deyil, başqa xalqların yerləşdirilməsi ilə başladıq… 1828-1830-cu illərdə biz İrandan 40 min, Türkiyədən isə 84 min erməni köçürdük və onları Yelizavetpol və İrəvan quberniyalarında, erməni əhalisinin azlıqda olduğu yerlərdə, ən yaxşı dövlət torpaqlarında yerləşdirdik.

Onların məskunlaşmaları üçün 200 min desyatin torpaq ayrıldı, həmçinin, müsəlman-torpaq sahiblərindən 2 milyon manatdan artıq məbləğə torpaq əraziləri alındı. Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göycə gölünün sahili erməni köçkünləri ilə məskunlaşdırıldı…

Köçürülənlərin və qeyri-rəsmi köçürülənlərin sayı 200 min nəfərdən artıq idi". "Bu köçürülmə nəticəsində XX yüzilliyin əvvəllərində Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyondan artığı "regionun köklü əhalisi" deyildi, bizim tərəfimizdən köçürülmüşdü." (Н.Шавров. Новая угроза русскому делу в Закавказье. СПб, 1911, с.59-61).

Bununla əlaqədar rus alimi-tarixçi V.Veliçko yazırdı: “Paskeviç İrana, polkovnik Lazarevin yanına ona görə göndərilmişdi ki, 40 min ermənini Zaqafqaziyaya dəvət etsin. Eçmiədzin patriarxı da bu məsələdə iştirak edirdi. Belə ki, o, İrandakı erməni keşişlərinə köçürülmə haqqında göstəriş vermişdi.

Andrianopolsk sazişinə görə, 100 mindən artıq erməni Türkiyədən köçürülmüşdü. Ərzurumdan olan arxiyepiskop Qarapet təqribən 70 min erməni gətirmişdi. Bundan sonra ermənilərin müsəlman ölkələrindən Rusiyaya köçürülməsi fasiləsiz, son illərdə isə hətta kütləvi xarakter daşıdı" (В.Л.Величко. Кавказ. Русское дело и междуплеменные вопросы, "Элм", 1990) .

Digər rus alimi S.Qlinka ermənilərin köçürülməsi ilə bağlı yazırdı: "9 mart 1828-ci ildə sonuncu rus ordusu Təbrizi tərk etdi… Türkmənçay müqaviləsinə görə, ermənilər müxtəlif kəndlərdən Qarabağa doğru hərəkət etdilər… Knyaz Arqutinski-Dolqorukini Təbrizdə saxlayan Lazarev bir neçə məmurun müşayiəti ilə onu səbrsizliklə Marağada gözləyən ermənilərin yanına yollandı."

(Глинка С. Описание переселения армян Азербайджанских в пределы России. Баку "Элм". 1990, с.81).

Ermənilərin köçürülməsi ideyasının müəllifi A.Qriboyedov bununla əlaqədar eyni zamanda yazırdı: “Müsəlmanlar arasında yayılmış ermənilərin bir dəfə buraxıldıqları ərazilərin əbədi sahibləri olacaqları qorxusunu dəf etmək və onları düşdükləri ağır vəziyyətin uzunmüddətli olmamasına inandırmaq problemi bizim tərəfimizdən… dəfələrlə ölçülüb-biçilmişdi”

(А.Грибоедов. Записка о переселении армян из Персии в наши области, т.2. Москва, 1971).

Beləliklə, erməni əhalisinin Türkmənçay müqaviləsinə əsasən İran və Türkiyədən İrəvan xanlığına, Qarabağa və digər Azərbaycan əyalətlərinə köçürülməsi nəticəsində demoqrafik şərait böyük dəyişikliyə uğradı. İrəvan xanlığının ərazisində yaradılmış "Erməni əyalətində əgər 1828-ci ildə Azərbaycan türklərinin xüsusi çəkisi 73,8% təşkil edirdisə, 1834-1835-ci illərdə bu rəqəm 46,2%-dək düşdü" (Грузия МДТА, Ф.2. сп.1, дело 3859, стр.314, л.20).

1832-ci ildəki kameral hesablamara görə, Qarabağ əyalətində 32,4 min azərbaycanlı (64,8%) və 17, 4 min erməni (38,8%) qeydə alınmışdı. Beləliklə, erməni əhalisi 1823-cü ildəki 8,4%-lə müqayisədə kifayət qədər qısa vaxt ərzində dörd dəfədən də artıq çoxalmışdı. Növbəti hesablamalara görə, 80-ci illərin sonlarında Şuşada azərbaycanlıların xüsusi çəkisi 41,5%-dək azaldı, ermənilərin xüsusi çəkisi 58,2%-dək artdı. 1897-ci ildəki Ümumrusiya hesablamasına görə, həmin göstəricilər müvafiq olaraq 53% və 45% təşkil etdi. (Кавказский календарь Российской империи 1897 г., LXIII – Елизаветская губерния. СПб, 1904, с.3).

XIX əsrin 80-ci illərinin sonlarında indiki Dağlıq Qarabağ ərazisini əhatə edən Şuşa qəzasında kütləvi köçürülmələr nəticəsində ermənilər bütün əhalinin 58%-ni təşkil edirdi. (Кавказский календарь на 1896 г., V отд. с.48-61). Hətta kütləvi köçürülmələrin sonrakı illərdə də davam etməsinə baxmayaraq, ermənilər Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin 79%-ni təşkil edirdilər. (События вокруг НКАО в кривом зеркале фальсификаторов (сборник материалов), Баку, 1989, с.6-7).

Göstərilən səbəblər üzündən Qarabağda tədricən baş verən demoqrafik dəyişikliklərə baxmayaraq, keçmiş xanlığın ərazisi 1840-cı ilədək "Qarabağ vilayəti" adlanır, ona müsəlman əyaləti kimi baxılırdı və Azərbaycanın digər ərazilərilə birgə "Zaqafqaziyanın müsəlman ölkələri" hərbi dairəsinin rəisi tərəfindən idarə olunurdu. Həmin rəisin iqamətgahı da Qarabağda, Şuşa şəhərində yerləşirdi.

Buna görə də Rusiya imperiyasının 4 əsas nazirliyi: hərbi, xarici işlər, daxili işlər və maliyyə nazirlikləri tərəfindən nəşr edilən dörd cildlik "Rusiyanın Qafqazın o tərəfindəki mülklərinin imalı"nda Qarabağ müsəlman əyalətləri bölməsinə daxil edilmişdi. Çünki Qarabağ xanlığı Rusiyanın tərkibinə erməni əyaləti kimi deyil, məhz Azərbaycan dövləti olan xanlıq kimi daxil edilmişdi.

1840-cı il islahatından sonra "Şuşa qəzası" "Qarabağ əyaləti"nin ərazisində yaradılmışdı. Amma bu inzibati ərazi də nə Gürcüstan-İmeretiya quberniyasının, nə də bir qədər sonra yaradılmış İrəvan quberniyasının deyil, Şimali Azərbaycan ərazilərini əhatə edən “Kaspi” vilayətinin tərkibinə daxil edildi.

1868-ci ildən isə Şuşa qəzası Yelizavetpol (Gəncə) quberniyasına verildi. Bu quberniya Bakı quberniyası ilə yanaşı, özündə Şimali Azərbaycan ərazilərini birləşdirirdi. 1917-ci ildə, müvəqqəti hökumət dövründə Şuşa qəzası Xüsusi Zaqafqaziya Komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının tərkibində Gəncə quberniyasına daxil edildi. (Azərbaycan tarixi üzrə mənbələr. Bakı, 1989, s.276)

Beləliklə, hətta ermənilərin köçürülməsi, çarizmin imperiya siyasətinin həyata keçirdiyi digər amillər də Qarabağın Azərbaycan ərazisi kimi təkzibedilməz fakt olmasına mane ola bilmədi. Bununla belə, Azərbaycan ərazilərinə köçürülmüş ermənilər daim bu ərazilərin sahibi olmağa çalışıblar və müxtəlif dövrlərdə Azərbaycan xalqına ciddi problemlər yaradıblar. Öz çirkin məqsədlərinə nail olmaq üçün ermənilər minlərlə günahsız insanın qanını axıdıb, şəhər və kəndləri viran qoyublar.

undefined saytının materialı əsasında Gündüz Nəsibov hazırladı